Almaniyanın Heinrich Heine Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada kiçik insanabənzər meymunların "robotik rəqs hərəkətləri" həyata keçirdikləri müşahidə edilib.
Tədqiqatda alman tədqiqatçı Kai Kaspar Fransadakı Jean Nicod İnstitutundan primatoloq Kamil Koye və rəqs və jestləri öyrənən Oslo Universitetindən dilçi Pritty Patel-Grosz ilə əməkdaşlıq edib.
Alimlər nəsli kəsilmək təhlükəsi ilə üzləşən və zooparkda saxlanılan Gibonaceae ailəsinə aid 4 növü tədqiq ediblər.
Primates akademik jurnalında dərc edilən araşdırmada kiçik rəqs edən meymunların hamısının yetkin dişi olduğu ifadə edilir.
Zooparklarda çəkilmiş videoları da araşdıran tədqiqatçılar, primatların adətən bu rəqsi digər meymunlara və ya onlara baxan insanlara arxa çevirərək etdiklərini bildirirlər.
Alimlərin fikrincə, bu hərəkətlər ümumiyyətlə ritmikdir və insan rəqsinin əsas elementlərini ehtiva edir. Kaspar bəzi kiçik meymunların güzgüdə öz əksini gördükdə bu hərəkəti etdiklərinə diqqət çəkir və deyir:
Onların bədənləri sərtləşir və sonra robot rəqs hərəkətləri kimi görünən hərəkətləri edirlər.
Rəqs edən meymunların vaxtaşırı çiyinlərinin üstündən baxaraq başqa insanların və ya meymunların onlara baxıb-baxmadığını yoxlamaları da diqqət çəkir.
Elm adamları bunların cütləşmə məqsədi ilə edilmədiyini vurğulayır və rəqslərin səbəbini hələ də anlamadıqlarını bildirirlər. Onlar düşünürlər ki, primatlar insanlara yaxın rəqs hərəkətləri etməklə diqqəti cəlb etmək istəyirlər və ya yemək gözləyirlər.