“Falcon 9” daşıyıcı raketi “Starlink” qlobal internet əhatə sistemi orbital qrupunun tamamlanması üçün növbəti 22 minipeyk partiyasını uğurla orbitə çıxarıb.
Bu barədə xarici KİV məlumat yayıb.
“22 “Starlink” peykinin buraxılışı təsdiqlənib”, – məlumatda qeyd olunub.
Məlumata əsasən, raketin buraxılışı şənbə günü Floridada Kanaveral burnundakı ABŞ Kosmik Qüvvələri bazasının 40-cı start kompleksindən ABŞ-nin Şərq sahili vaxtı ilə saat 17:47-də (Bakı vaxtı ilə bazar günü saat 01:47-də) həyata keçirilib. Təxminən bir saat sonra peyklər daşıyıcının ikinci pilləsindən ayrılaraq orbitə çıxıb.
Bildirilib ki, buraxılış çərçivəsində 19-cu dəfə istifadə olunan daşıyıcı raketin birinci çoxdəfəli pilləsi ayrıldıqdan sonra Atlantik okeandakı “Just Read The Instructions” dron-platformasına idarə olunan şaquli eniş edib.