“ERMƏNİLƏR GÖZLƏYİRDİLƏR Kİ, BİZ, QALİB TƏRƏF KİMİ ONLARI AŞAĞILAYACAĞIQ” - “İranın atacağı hər hansı bir addım çox pis nəticələr verə bilər”


Mehman Əliyev: “Avropa Birliyinin prezidenti Bakıya səfər etmişdi, tərəflər razılaşma əldə edə bilmədiyindən hökumətə qarşı təzyiqlər genişlənib”
Bir neçə gün əvvəl Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin üzvləri Tiflis şəhərində bir araya gələrək, müharibədən sonra yaranan vəziyyət və gələcəkdə atılacaq addımlar haqqında ictimai müzakirələr aparıblar. Bu müzakirələr qeyri-rəsmi xarakter daşımasına baxmayaraq, ciddi maraq kəsb edir.“AzPolitika.info” Tiflis görüşü və regionda gedən proseslər mövzusunu həmin görüşdə iştirak etmiş “Turan” Agentliyinin direktoru, analitik Mehman Əliyevlə müzakirə edib:
- Mehman bəy, Soçidə Ərdoğan-Putin görüşü baş tutdu, bunun ardınca İran-Azərbaycan əlaqələrində gərginlik yaşandı, eyni zamanda Azərbaycan və Ermənistan liderləri birbaşa təmas barədə ümidverici açıqlamalar verdi. Bu kontekstdə regionda cərəyan edən prosesləri necə dəyərləndirmək olar?- Hesab edirəm ki, regionda hər şey qaydasındadır. Diqqət etsək görərik ki, bir tərəfdən Rusiya-Türkiyə, digər tərəfdən Rusiya-Azərbaycan münasibətləri, habelə Moskva-Ankara-Bakı üçbucağında hər şey öz axarı ilə davam edir. Əlbəttə, biz Tehran-Bakı xəttindəki gərginliklə yanaşı, gözlənilən Ankara-Tehran-Bakı müstəvisində də mümkün təmasların gündəmdə olmasını unutmamalıyıq. Əslində, bu göstərir ki, regionda iş birliyi var. Tarixi boyu rus-türk toqquşmasına şahidlik edən regionumuz indi bu qüvvələrin əməkdaşlıq mərkəzinə çevrilib. Ümümən belə əməkdaşlıq müstəsna olaraq yalnız Cənubi Qafqaz regionunu əhatə etmir.

Müşahidə etdiyimiz iş birliyi hazırda keçmiş Osmanlı İmperiyasının demək olar ki, bütün ərazilərini əhatə etməkdədir - Şimali Afrikadan tutmuş Suriyaya qədər geniş sahəni. Artıq bu qüvvələr Əfqanıstanda da mümkün əməkdaşlıq perspektivlərini nəzərdən keçirirlər. Maraqlıdır ki, bir-birini anlamaqla Türkiyənin Orta Asiyadakı dayaqlarınaruslar etiraz etmirlər. Əslində, çox maraqlı bir kontekst var və bunun içərisində qeyd etdiyim proses cərəyan edir.
- Mehman bəy, Sizin də daxil olduğunuz vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət olan heyət Tiflisidə erməni ictimaiyyətinin bir qrup fəal nümayəndəsi ilə görüşərək, müzakirələr aparıb. Bu müzakirələr barədə nə deyə bilərsiniz?

- Deyərdim ki, müharibədən sonra Azərbaycan və Ermənistan cəmiyyətlərində müharibənin nəticələri və gələcəklə əlaqədar müəyyən fikirlər formalaşıb. Bu fikirlər və mövqelər hakimiyyətlərin mövqe və gedişlərindən o qədər də fərqli deyil. Məsələn, biz Tiflis görüşü zamanı kommunikasiyaların açılması məsələsinə vurğu etmişik. Eləcə də sərhədlərin delimitasiyası, tərəflərin bir-birini tanımasının vacibliyini gündəmə gətirmiş və səsləndirmişik. Erməni nümayəndələri isə daha çox üstünlüyü “status məsələsinə” verir, bundan başlayırdılar. Deyirdilər ki, gəlin statusdan başlayaq, buna baxılmalıdır. Bütövlükdə onları narahat edən statusdur, daha doğrusu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində yaşayan erməniləri nə gözləyir və nələr ola bilər məsələsidir. Onlar deyirlər ki, status zəmanət kimi lazımdır ki, sonradan orada problemlər olmasın. Bir sözlə, mövqelər daha çox bu məqamların üzərində qurulub.

Amma burada bir detal var. Tiflisidə fikir mübadiləsi aparanda hiss olunurdu ki, ermənilər bizdən başqa şey gözləyirmiş. Yəni biz qalib tərəf kimi onları aşağılayacağıq, onlara yuxarıdan aşağı baxacağıq və s. Onlar əvvəlcədən buna hazırlaşmışdılar. Biz isə sakitcə əyləşdik, emosiya olmadan mövqeyimizi bildirdik, vəziyyəti başa salmağa çalışdıq. Onlar da gördülər ki, real cəmiyyətlə dialoq aparırlar. Məncə, sakitcə, emosiyaya qapılmadan müzakirələr aparmaq, cəmiyyətin istəklərini səsləndirmək daha münasibdir, nəinki vətənpərvər nöqteyi-nəzərdən danışmaq. Bu mənada qeyd edim ki, görüş effektiv oldu.

- Bu tədbiri kim təşkil etmişdi, Azərbaycandan və Ermənistandan kimlər iştirak edirdi?

- Bizim tərəfimizdən rəsmi şəxslər yox idi. Əsasən vətəndaş cəmiyyətinin nümayəndələri idi. Açığını deyim ki, onların bəzilərini mən yaxşı tanımıram, cavan mütəxəssislərdir. Biz tərəfdən Eldar Namazov iştirak edirdi. Əhməd Əlili isə Azərbaycan tərəfinin koordinatoru idi. Ermənistan tərəfindən də ictimai xadimlər idi. Eyni zamanda, onlar tərəfdən Nazirlər Kabinetinin ictimaiyyətlə əlaqələr bölməsinin direktor müavini iştirak edirdi. O da normal danışırdı. Onunla ayrıca söhbətimiz də oldu.

- Müzakirələr nə qədər vaxt apardı?

-Ermənilərlə bir gün danışıq aparmışıq. Sonrakı gün gürcülər də prosesə qatılıb. Gürcüstanın xarici işlər nazirinin birinci müavini də həmin müzakirələrə qatılmışdı. Burada artıq Cənubi Qafqazda sabitlik və üçtərəfli əməkdaşlıq məsələsi diqqət mərkəzində idi. Əlbəttə, bu prosesdə Gürcüstanın vasitəçiliyi məsələsi bizim tərəfimizdən qaldırıldı, perspektivlər haqqında danışıldı.

- Bu təşəbbüs və ya ideya haradan yaranmışdı, ümumilikdə bu tədbirin təşkilatçısı və təşəbbüskarı hansı qurum olub?

- “Links Europe” adlı bir Avropa təşkilatı var, onlar hər zaman sülhməramlı layihələrlə işləyirlər. Mən həmin təşkilatı 1993-cü ildən tanıyıram. Bu tədbirin ideyası da onlardan gəlmişdi. Qeyd edim ki, orada Avropa Birliyinin nümayəndələri də var idi və müşahidə edirdilər. Amma onlar sadəcə qulaq asır, baxırdılar. Yəni müdaxilə etmirdilər.

- Vətəndaş cəmiyyətinin nümayəndələri arasında görüşlər davam edəcəkmi, yoxsa bu, sadəcə bir dialoqla yekunlaşıb?

- Gözlənilən odur ki, növbəti ilin qış aylarında görüş olsun. Amma vacib odur ki, Azərbaycan və Ermənistan tərəfinin rəsmiləri gözlənilən görüşlərdə nələri müzakirə edəcəklər, hansı qərarlar verəcəklər. Məncə, bundan çox şey asılı olacaq. Yuxarıda nə qədər müsbət proses getsə, vətəndaş cəmiyyətləri arasında da buna uyğun iş aparılacaq.

Yox, əgər yuxarı səviyyədə bir razılıq əldə edilməsə, aşağı səviyyədə hansısa proseslərin getməsi olduqca çətindir. Yəni bunlar bir-birinə bağlı məsələlərdir.

Mənbə:
0
373
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar