Stoltenberq Makrona xəbərdarlıq etdi: “Bu siyasət Avropa İttifaqını dağıdar”

 
 
Dünən Vaşinqtonda Prezident Co Biden və ABŞ Müdafiə naziri Lloyd Austin ilə görüşən Stoltenberq daha sonra Corctaun Universitetində bir konfransa qatılıb. Baş katib konfransdakı çıxışında Avropaya, xüsusi Fransaya bəzi mesajlar verib.
 
Ovqat.com-un məlumatına görə, NATO-ya paralel olaraq qurulacaq Avropa müdafiə mexanizminin Atlantik ittifaqının zəifləməsi və parçalanması riski daşdığını ifadə edən Baş katibi Parisi bu cür mövqedən geri çəkilməyə çağırıb.
 
"Fransanın xəyal qırıqlığına uğradığını başa düşürəm. Ancaq NATO çərçivəsi xaricində və NATO ilə rəqabət aparmaq ya onu kopyalamaq üçün göstərilən səylərin nəticə verəcəyinə inanmıram. Çünki NATO məhəng daşı olaraq bu gün də Avropa və Şimali Amerika təhlükəsizliyinin təməlini təşkil edir", - NATO-nun Baş katibi belə deyib.
 
Qeyd edək ki, Stoltenberqin bu narahatlığı əsassız deyil. Ötən ay ABŞ, İngiltərə və Avstraliya Hind-Sakit okeanı bölgəsində yeni bir təhlükəsizlik ittifaqı qurduqlarını elan etmiş, daha sonra isə Avstraliya Fransadan almaq istədiyi sualtı gəmilərinin sifarişlərini dayandırmışdı. Bunun yerinə isə ABŞ-ın istehsal etdiyi nüvə enerjisi ilə işləyən sualtı qayıqlarını almağa üstünlük verdiyini açıqlamışdı. Beləcə Fransa ilə ABŞ, İngiltərə və Avstraliya arasında ciddi mübahisələr yaranmışdı. Rəsmi Paris onun 56 milyard dollarlıq qazancını əlindən alan London və Vaşinqtonu öz müttəfiqinə xəyanətdə günahlandırmış, NATO kimi etibarsız alyansdansa Avropa İttifaqına məxsus ortaq ordu quruculuğu ideyasını ortaya atmışdı. 
 
Əslində Fransa prezidenti Makronun bu irəli sürdüyü bu ideya yeni də deyil. Hələ 2019-cu ildə Makron “Economist” dərgisinə verdiyi müsahibəsində Türkiyənin və ABŞ-ın NATO dövlətləri ilə razılaşmadan regionda bəzi əməliyyatlar keçirdiyini bildirərək demişdi: “Hazırda yaşananlar NATO-nun beyin ölümüdür”.
 
Makronun bu sözlərindən sonra Fransanın Avropa İttifaqının öz ordusunu yaratmaq səylərini artırdığı xəbər verilirdi. ABŞ və Böyük Britaniyanın Avstraliyanı öz yanlarına çəkməsindən sonra isə Parislə NATO arasındakı münasibətlərin pisləşməsi özünün kulminasiya nöqtəsinə çatmışdı. Bu gərginlikdən sonra Fransa Prezidenti Emmanuel Makron Avropanın öz müdafiə qabiliyyətini artırmalı və ABŞ -dan asılılığını azaltmalı olduğuna dair fikirlərini bir daha gündəmə gətirmişdi. "Biz avropalılar özümüz aydınlaşdırmalıyıq ki, təhlükəsizliyimiz, sərhədlərimiz və müstəqilliyimiz üçün nə erməliyik?", - Makron jurnalistlərin 30-31 oktyabr tarixlərində Romada keçiriləcək G20 sammitində ABŞ Prezidenti Co Baydenlə görüşüb-görüşməyəcəklərinə dair suallarını cavablandırarkən belə demişdi.
 
Stoltenberq də məhz bu gərginliyi azaltmaq üçün dünən Parisə səbrli olmağı məsləhət görüb, əks halda NATO ilə yanaşı Aİ-nin də dağıla biləcəyi və bundan ən çox Fransanın zərər görəcəyi xəbərdarlığını edib.
 
Avropanın müdafiə gücünün yalnız bu qitənin hüdudları ilə məhdudlaşmadığını diqqətə çatdıran Stoltenberq deyib: "Burada çox geniş coğrafiyadan söhbət gedir. Cənubda Türkiyə, şimalda Norveç və İslandiya, qərbdə ABŞ, Kanada və İngiltərə NATO-nun üzvləridir və bu da bütün Avropanın təhlükəsizliyinin qorunması üçün vacibdir. 
 
Yeri gəlmişkən, Ermənistanı açıq şəkildə dəstəkləyən Fransanın son zamanlar İranla da münasibətini yaxşılaşdırmağa çalışdığı müşahidə olunur. Sentyabrın 5-də İranın yeni prezidenti İbrahim Rəisi ilə telefonla danışan Makron iki ölkə qarasında yeni səhifə açmağa hazır olduğunu, hətta İrana nüvə danışıqlarında dəstək verə biləcəyini açıqlayıb. Maraqlıdır ki, İranın Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa nəqliyyat dəhlizinə də açıq ifadə olunmasa belə, dolayı dəstək verən beynəlxalq qüvvələrin başında Fransa və onun təsir dairəsində olan Avropa İttifaqı gəlir. 
 
Məlum olduğu kimi, ötən yay aylarında Aİ Şurası Ermənistandakı "prioritet proqramlar" üçün 2,6 milyard avro dəyərində maliyyə paketinin ayırıb. Müqayisə üçün qeyd edək ki, Aİ eyni proqram çərçivəsində Azərbaycana 140 milyon avro, Gürcüstana isə 1.175 milyard avro vəsait ayırmışdı. Yəni Ermənistana xüsusi bir ayrıcalıq verilmişdi. Qurumun prezidenti Şarl Mişel Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” çərçivəsidə ayrılan bu vəsaitin infrastruktur, rabitə, nəqliyyat və demokratik institutların inkişafı kimi sahələrə yönəldiləcəyini deyib. Sənədlərdə sözügedən vəsaitin böyük hissəsinin Ermənistanın cənubunun inkişafına və tranzit xətlərinə yönəldiləcəyi nəzərdə tutulur. 
 
Avropa İttifaqında Fransanın təsir gücünün yüksək olduğu nəzərə alsaq, Ermənistanda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsinə ayrılan bu vəsait qətiyyən təsadüfi görünmür. Belə anlaşılır ki, Fransa və Avropa İttifaqı Şurası İranın Qərbə açılan bu qapısının qurulmasında maraqlıdır və Makronun Paşinyan sevgisi içiboş erməni sevgisindən irəli gəlmir. 
 
Mümkündür ki,  Qərb-Şərq dəhlizində İran variantına meyllənən Fransanın mövqeyi ABŞ və Böyük Britaniyanın maraqlarına cavab vermədiyindən onun Avstraliya ilə bağladığı çoxmilyardlı sualtı qayıqları layihəsinin də önü qəsdən kəsilmişdi. Belə ki, ABŞ Avstraliyanı Çinin Qərb qapısına nəzarət etmək üçün gücləndirmək xəttini tutub. Fransanın bu ölkəyə satmağı planlaşdırdığı 12 ədəd sualtı qayığı isə bu gücdə deyildi. Görünür, Paris Avstraliyaya satmağa çalışdığı sualtıların onsuz da Çinin qarşısını kəsməyə kifayət etməyəcəyini düşündüyündən baş qatmaq üçün ona bu hərbi texnikaları sırımaq xəttini tutub.
 
 ABŞ və İngiltərənin təklif etdiyi nüvə enerjisi ilə çalışan sualtılar isə Çin sahillərinə qədər geniş əraziləri daha rahat nəzarət altına ala bilər. Təsadüfi deyil ki, ABŞ və Böyük Britaniyanın Avstraliya ilə imzaladığı yeni müqaviləyə ən çox etiraz edən də məhz Çin olmuşdu.
 
Ovqat.com

Mənbə:
0
360
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar