Yunanıstan və Fransa NATO-ya alternativ alyans quruculuğuna başladı: İlk addımları isə Türkiyəyə qarşı pakt imzalamaq oldu

 
 
Yunanıstanla Fransa arasında Türkiyəyə qarşı bağlanan hərbi müqavilə bu gün yunan parlamentində müzakirəyə çıxarılıb.
 
Ovqat.com-un məlumatına görə, Yunanıstan Baş naziri Kiryakos Mitsotakis 28 sentyabrda Fransa ilə imzalanan müqavilə barədə məlumat verərək bildirib ki, sənəddə üçüncü ölkənin hücumuna qarşı birgə müdafiə nəzərdə tutulub.
 
"Sənəddə üçüncü tərəfin iki dövlətdən birinə hücum etməsi halında Fransa ilə Yunanıstanın bir-birinə hərbi yardım göstəriləcəyi ilk dəfə açıq şəkildə ifadə edilir”, - deyən yunan Baş naziri hədəfin Türkiyə olduğuna işarə edərək bildirib: “Aralıq dənizində hərəkətlərimizi kimin müharibə səbəbi hesab etdiyini hamımız bilirik”.
 
Qeyd edək ki, Yunanıstan bu yaxınlarda Egey dənizindəki ərazi sularını adalardan başladığını elan etmiş və faktiki olaraq öz aləmində Türkiyəyə heç bir sahə buraxmamışdı. Türkiyə isə Yunanıstanın 12 mil uzunluğunda ərazi suları iddiasını müharibə səbəbi kimi qiymətləndirmişdi. İki dövlət arasında Aralıq dənizinin ərazi bölgüsü ilə bağlı da mübahisələr var. Odur ki, Kiryakos Mitsotakisin parlamentdə dilə gətirdiyi fikirlərində Türkiyəni nəzərdə tutduğu şübhə doğurmur.
 
Yunanıstanla Fransa arasında son zamanlar bağlanan hərbi müqavilələr yalnız ortaq müdafiə tədbirləri ilə də məhdudlaşmır. Bu ilin əvvəlində Yunanıstan Fransadan 18 ədəd Rafale döyüş təyyarəsi alması haqqında müqavilə imzalamışdı. Bundan əlavə Yunanıstan 
Fransadan 3 milyard avroya 3 freqat almaq niyyətindədir.
 
İki NATO üzvünün müdafiə paktı imzalaması Alyansda da ciddi narahatlıq yaradır. Məsələ burasındadır ki, NATO Müqaviləsinin 5 -ci maddəsində müttəfiq ölkəyə edilən hücumun bütün İttifaq üzvlərinə hücum sayılacağı onsuz da nəzərdə tutulur. Fransa və Yunanıstanın bununla kifayətlənməyib ayrıca bir müqavilə bağlamasından aydın olur ki, sənəddə hədəf olaraq alyans üzü nəzərdə tutulur.
 
Ötən həftə Yunanıstanın NATO üzvü olaraq belə bir müdafiə sazişinə ehtiyacı olub-olmadığı ilə bağlı suala Mitsotakis cavab verərək demişdi:  “Bir NATO ölkəsinin hücumu halında 5 -ci maddə tətbiq olunarmi? NATO-nun bu mövzuda çox açıq olduğuna əmin deyiləm. Təhlükəsizlik müqavilələri ilə ölkəmi müdafiə etmək və lazımi ittifaqları qurmaq məcburiyyətindəyəm".
 
Qeyd edək ki, NATO Nizamnaməsinin 5-ci Maddəsini Fransa prezidenti Makron da 2019-cu ildə “Economist” jurnalına verdiyi müsahibəsində şübhə altına alaraq, Türkiyəyə hücum olarsa alyansın onu qoruyacağından çox da əmin olmadığını vurğulamışdı. O həmin müsahibəsində “NATO-nun beyin ölümü” keçirdiyini də dilə gətirmişdi. 
 
Makron son zamanlar ABŞ-ın “diktəsindən uzaq” Aİ ordusu yaradılmasının da təşəbbüsü ilə çıxış edir və onun bu səyləri NATO-nun Baş katibi Yens Stoltenberqin dəfələrlə tənqidinə məruz qalıb. Görünən budur ki, Fransa bütün xəbərdarlıqlara baxmayaraq, NATO-dan kənarda yeni hərbi ittifaq quruculuğundan vaz keçmək fikrincə deyil və bu istiqamətdə atdığı ilk addımı isə Türkiyəyə qarşı Yunanıstanla hərbi ittifaq yaratmaqdır.
 
Ovqat.com
Mənbə:
0
359
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar